Keçmiş UFC-nin yüngül çəkidə çempionu Alcameyn Sterlinq Kevin Valexosa qarşı döyüşdə hakimlərin qərarına yenidən münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Sterlinq döyüşü təkrar izlədiyini və yalnız üçüncü raundu Valexosa verə biləcəyini deyib. O bildirib ki, birinci raund çox yaxın keçib və orada dirsəklə yaxşı zərbə endirib. Sterlinq hakimlərin qərarlarının bəzən şəxsi yanaşmadan asılı olduğunu vurğulayıb: "Hakimlik meyarları açıq şəkildə yazılıb, amma hakimlər həmin gün əhval-ruhiyyələrinə uyğun qərar verirlər. Biz isə bunun qarşısında demək olar ki, heç nə edə bilmirik. Bəziləri deyir ki, kənardan baxanda üstünlük məndə deyildi. Yaxşı, bəs hansı zərbələr hədəfə çatdı? Ola bilər, bu əsas götürülsün. Biri möhkəm dayanır, digəri daim hərəkətdə olur. Hərəkətli döyüşçü zərbə buraxanda və ya yayınmağa çalışanda, bu, daha pis görünür. Yalnız ciddi zərbədirsə və döyüşçü tarazlığını itirirsə, fərqlidir. Belə çıxır ki, zərbə vurub hücum xəttindən çıxanlar hakimlikdən əziyyət çəkir. Hər şey hakimdən və onun diqqət yetirdiyi məqamlardan asılıdır. Elə həmin axşam da belə oldu. Hətta məndə elə təəssürat yaranır ki, bu, bir növ sövdələşmədir. Sanki hakimlərə deyilib: 'Döyüş yaxın keçsə, kimin qələbə qazanacağını bilirsiniz'."

Sterlinq Valexosa qarşı 21 noyabrda UFC Qatar turnirində keçirilən döyüşdə hakimlərin yekdil qərarı ilə məğlub olub. O, həmçinin qeyd edib ki, bəzi epizodlarda rəqibin ayaqlarına çox dərindən keçib, lakin Valexosun asanlıqla çıxmasından təəccüblənib və bunun səbəbi barədə dəqiq fikir bildirə bilməyib.