"Fənərbağça" Türkiyə Basketbol Super Liqasında "Anadolu Efes" üzərində qələbə qazansa da, komandanın iki əsas oyunçusu ilə bağlı tibbi xəbərlər diqqət mərkəzinə düşüb.
Offsideplus.az xəbər verir ki, klubun idarə heyətinin üzvü Ömər Onan qarşılaşmadan sonra Braxton Key və Nikolo Mellinin durumuna aydınlıq gətirib. Onan bildirib ki, Key üçüncü hissədə meydanı tərk edib və barmağında çıxıq, ciddi yırtıq aşkarlanıb. Tibbi personal tərəfindən ilkin müdaxilə edilib, barmaq yerinə qoyulub, sarınıb və tikilib. Onan əlavə edib: "Ümid edirik ki, sınıq yoxdur. Dəqiq vəziyyət rentgen müayinəsindən sonra bəlli olacaq."
Nikolo Melli isə menisk zədəsi səbəbindən son Avroliqa oyununda iştirak etməyib və İtaliyaya yollanacaq. Onan qeyd edib ki, Mellinin əməliyyat olunması mümkündür və o, bir müddət komandadan kənarda qalacaq. Klub oyunçunun nə qədər müddətə sıradan çıxacağı barədə məlumatı sonradan açıqlayacaq.
Qeyd edək ki, "Fənərbağça" bu həftə Avroliqada iki oyuna çıxacaq. Onlar əvvəlcə "Asvel"i İstanbula qəbul edəcək, daha sonra "Olimpiya Milan"ın qonağı olacaq.


