Fransalı mərkəz Viktor Vembanyama NBA-də debüt etdiyi gündən oyununda baş verən ən önəmli dəyişikliklərdən danışıb. O, bu fikirlərini "Finiks Sans"a qarşı keçirilən və 25 dəqiqəyə 40 xal topladığı görüşdən sonra bölüşüb.
Offsideplus.az xəbər verir ki, Vembanyama qərarvermə bacarığının ən çox inkişaf etdiyini bildirib: "Düşünürəm ki, ən çox qərarvermə qabiliyyətim yaxşılaşıb. Liqaya yeni gələndə nə etməli olduğunu və səndən nə gözlənildiyini tam anlamırsan. Bu, əksər debütantlarda olur, zamanla təcrübə qazanırsan". O, həmçinin qeyd edib ki, indi öz fiziki üstünlüklərindən daha seçici şəkildə istifadə etməyi öyrənir: "İnanılmaz fiziki imkanlarımı yalnız həqiqətən çətin situasiyalar üçün saxlamağım lazımdır, hər epizodda yox. Rəqiblər məni çıxılmaz vəziyyətə salmaqda çətinlik çəkirlər. Ona görə də indi əsas odur ki, özümə mane olmayım". "Sans"a qarşı matçda Vembanyama həmçinin 11 ribaund və 9 blokşutla yadda qalıb.


