"Klivlend Kavaliers" NBA-in pley-off mərhələsində şərq konfransının lideri "Detroyt"u yarışdan kənarlaşdırıb.
Offsideplus.az xəbər verir ki, seriyanın həlledici 7-ci oyununda 125:94 hesablı darmadağına sevinən Ohayo təmsilçisi konfrans finalında "Nyu-York Niks"ə rəqib olub.
Donovan Miçelin 26 xalla liderlik etdiyi "Klivlend"də daha üç basketbolçu – Cərett Allen, Evan Mobli və ehtiyatdan oyuna daxil olan Sem Merrill 20 xal həddini keçib. Bununla da "Kavaliers" mövsümün ən güclü 4 komandası sırasına adını yazdıran sonuncu kollektiv olub.
Qərbdə isə konfrans finalçıları "Oklahoma Siti Tander" və "San Antonio Spörs"dür.
Müntəzəm mövsümü şərqdə 4-cü sırada bitirən, lakin pley-offda parlaq çıxış edən "Klivlend"in ulduzu Miçel qələbəni belə şərh edib:
"Bu axşam 48 dəqiqə ərzində güclü reaksiya verdik. Xüsusilə belə aqressiv atmosferdə... Ən önəmlisi anın təzyiqi altında əzilməmək və doğru reaksiya vermək idi".


