Bolqarıstanın Samokov şəhərinin ev sahibliyi etdiyi U17 Avropa çempionatına yekun vurulub.
Offsideplus.az xəbər verir ki, turnirin son günündə sərbəst güləş üzrə Azərbaycan millisi aktivinə daha 2 medal yazdırıb.
Komandamızın üzvlərindən Tunar Həsənov (45 kq) bürünc medal uğrunda görüşdə türkiyəli rəqibi Buğra Eldemiri 5:2 hesabı ilə üstələyərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
51 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Həsənov isə finalda digər Türkiyə təmsilçisi Məhəmməd Qolhaya şans tanımayıb (11:3) və Avropa çempionu adını qazanıb.
Digər təmsilçimiz Elgün Kərimli (92 kq) təsəlliverici matçda belaruslu Timur Mirzəyevi tam üstünlüklə (11:1) məğlub etsə də, bürünc medal qarşılaşmasında gürcüstanlı Nurəddin Mustafayevlə bacarmayıb (0:8).
Beləliklə, gənc sərbəst güləşçilərimiz qitə birinciliyini ümumilikdə 7 (3 qızıl, 1 gümüş və 3 bürünc) medalla başa vurublar.


