Fransa nəhəngi PSJ yay transfer pəncərəsi üçün müdafiə xəttini gücləndirmək planlarını işə salıb.
Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi Portuqaliyanın "Sportinq" klubunda çıxış edən gənc və istedadlı müdafiəçi Osman Diomandeni heyətinə qatmağı planlaşdırır.
Klub rəhbərliyi 22 yaşlı fil dişili stoperin transferi üçün artıq futbolçunun menecerləri ilə ilkin təmaslara başlayıb.
Bu transferin reallaşmasında Paris klubunun baş məşqçisi Luis Enrike mühüm rol oynayır. İspaniyalı mütəxəssis gənc müdafiəçinin oyun üslubunun böyük pərəstişkarıdır.
Luis Enrike rəhbərlikdən gələn mövsümün heyət planlamasında Diomandeyə mütləq yer verilməsini istəyir və transferin tezliklə bitirilməsi üçün təzyiq göstərir.
Enrikenin fikrincə, Diomandenin həm fiziki gücü, həm də geridən oyunu qurma bacarığı "PSJ"nin taktiki fəlsəfəsinə tam uyğun gəlir.
Avropanın bir çox nəhəng klublarının da skaut siyahısında yer alan Osman Diomande üçün Lissabon təmsilçisinin asanlıqla güzəştə getməyəcəyi bildirilir.
Müqaviləsində yüksək sərbəstqalma məbləği olan gənc müdafiəçi üçün PSJ rəhbərliyi yayda rəsmi və böyük bir büdcə ilə Portuqaliya klubunun qapısını döyməyə hazırlaşır.


