Bolqarıstanın Samokov şəhərinin ev sahibliyi etdiyi U17 Avropa çempionatına yekun vurulub.

Offsideplus.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, turnirdə uğurla çıxış edən sərbəst güləş üzrə milli komandamız aktivinə 3 qızıl, 1 gümüş və 3 bürünc medal yazdırıb. Yekun xal hesabında 156 xal toplayan yığmamız komanda yarışlarında Avropa ikinciliyini bayram edib.

Millimiz çempionluğu qazanan Rusiyadan cəmi 7 xal geri qalıb. Gürcüstan kollektivi isə 124 xalla ilk üçlüyü tamamlayıb.

Qeyd edək ki, böyük məşqçi Əsgərxan Novruzov, həmçinin məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərlik etdiyi komandada Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq) və Nihad Süleymanlı (80 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıblar. Rəşid Nazarov (65 kq) yarışı gümüş medalla başa vurduğu halda, Tunar Həsənov (45 kq), Abbas Şəfiyev (55 kq) və Hakim Tağıyev (110 kq) bürünc mükafata sahib çıxıblar.