Misli Premyer Liqasında 12 klub var. Bəs bu klubların ölkə futboluna nə töhfəsi var?

Başlayaq "Qarabağ"dan. 12 mövsüm ardıcıl olaraq (2-si Çempionlar Liqası olmaqla) avrokubokların əsas mərhələsində oynamaq hər klubun işi deyil. Bunu 1-ci, uzağı 2-ci təsnifat mərhələsindən yüksələrək bacaran komandaların sayı dünyada belə barmaqla sayılacaq qədər azdır. Azərbaycan adının tanıdılmasında, "Qarabağ"ın bizə aid olmasının sübutunda bu klubun olduqca büyük töhfələri olub.

"Neftçi" Azərbaycanda futbol ənənələrini yaradıb. 1937-ci ildə yaranmış klub hazırda fəaliyyət göstərən ən qədim komandamızdır. SSRİ çempionatında pis-yaxşı çıxış edib. İlk dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib (təəssüf ki, özü üçün son olub – red.). Azarkeşləri və infrastrukturu ilə bir çox klublara örnək olub.

"Sabah"ın əsası 2017-ci ildə qoyulsa da, gördükləri işlər göz qabağındadır. İldən-ilə böyüyən komandanın 9 yaşı tamam olmadan Çempionlar Liqasının əsas mərhələsində oynaması zarafat gəlməsin. Ölkənin ən yaxşı futbol akademiyalarından birinə sahibdirlər. "Moneyball" sistemini ölkəyə gətiriblər. Ölkə standartlarının üzərində işlər görürlər.

"Zirə" böyük klub deyil. Nə büdcəsi, nə azarkeşi, nə də böyük camiəsi var. Amma bu kluba nifrət etmək olmaz. Zirə qəsəbəsinin sakinlərinin hər oyunda azı 600-700 nəfərlə dəstək verməsi, Rəşad Sadıqovun klub rəhbərliyi ilə əl-ələ verməsi "Zirə"ni ayaqda saxlayır. Həm də heç vaxt elitada qalmaq uğrunda mübarizə aparanlardan yox, iddialılardan olublar.

"Kəpəz" də ən qocalardandır. Amma nə qədər qoca olsa da, dəyər min cavana. Azarkeşləri ölkə futbolu üçün nümunədir. Gəncə Şəhər Stadionuna gedəndə adam özünü Bundesliqa matçlarında hiss edir. Gəncə adı Azərbaycan futbolunda mütləq olmalıdır. İnkişaf üçün böyük işlər görəcəkləri şübhəsizdir.

"Turan Tovuz", "Sumqayıt", "Qəbələ" də ölkə futbolu üçün önəmli adlardandır. Bunları danmaq Azərbaycan futbolu adına xəyanət olar.

Bəs "Araz-Naxçıvan"? Bəs "Şəfa"? Bəs "İmişli"? Bu klublar niyə var? Nəyə xidmət edirlər? Nə öz stadionları, nə azarkeşləri, nə də bazaları var – heç nə! Belələri ölkə futbolunda yalnız ayağa dolaşır. "İmişli" ən azından nələrsə etməyə çalışır, heç olmasa cəhd edir. Amma digər iki klub sabah yox olsa, heç kim yoxluğunu hiss etməyəcək. Adı Naxçıvanı təmsil edən klub ölkədə ev oyunlarını keçirmədiyi yer qoymayıb. Özü də Bakıda məskunlaşıblar. Digər klublar mövsüm ərzində 16, ya da 17 səfər oyunu keçirirsə, bu rəqəm "Araz-Naxçıvan"da 33-dür. Gah klub əl dəyişir, gah nələrsə edilir, amma amal nədir, hədəf nədir, məqsəd nədir – bilinmir, bilinənə də oxşamır. Bu komandanın ev oyunlarında baş məşqçinin bütün təlimatları rahatlıqla eşidilir, futbolçuların meydandakı təngfəslik səsləri olmasa, ehtiyat skamyasında danışanları da duymaq olar. Belə klublar zərərdir, inanın ki, zərərdir, bəylər.

"Araz-Naxçıvan"ın "şəfası" Naxçıvanda olsa da, "Şəfa"nınkı Əfranda belə deyil...