U-21 milli komandamızın baş məşqçisi Rəşad Eyyubov Offsideplus.az-a açıqlamasında komandadakı oyun tonusu problemi və heyət seçimi barədə danışıb.
Gənc mütəxəssis Əvəzedicilər Liqasından milliyə az sayda futbolçunun dəvət olunmasına belə aydınlıq gətirib:
"Ümumilikdə, bu seçmə mərhələ ərzində Əvəzedicilər Liqasında çıxış edən futbolçulardan demək olar ki, istifadə etməmişik. Mən ilk gündən hesab edirəm ki, bu turnirin səviyyəsi futbolçuların U-21 dərəcəsində real rəqabət aparması üçün kifayət etmir. İstisna olaraq Şahin İbrahimovu, hazırda isə Elgün Dünyamalıyevi qeyd edə bilərəm. Elgünün Premyer Liqa təcrübəsi də var. Əvəzedicilər çempionatından milli komandaya rəsmi oyunlar üçün dəvət etdiyimiz futbolçular məhz bunlardır.
Bu oyunlara hazırlıq bizim üçün çox çətin keçir. Elə mövqelərimiz var ki, orada çıxış edən futbolçularımız bu mövsüm Premyer Liqada ümumiyyətlə şans qazanmayıblar. Futbolçularımızın böyük əksəriyyəti isə ilk 6 tur ərzində ümumilikdə 90 dəqiqə belə oynamayıb. Buna görə də oyun tonusundan konuşuruqsa, bu, bizim üçün həqiqətən ciddi problemdir".
R.Eyyubov buna baxmayaraq müsbət məqamların da olduğunu vurğulayıb:
"Bununla yanaşı, müsbət nümunələrimiz də var. Edqarı, Rüfəti, Orucu və Rəvanı qeyd etmək istəyirəm. Biz çox şadıq ki, onlar artıq əsas milli komandanın bir hissəsidirlər. Onlar uzun yol keçiblər və artıq üçüncü mövsümdür ki, elit səviyyəli futbolda çıxış edirlər".
U-21 millisinin çalışdırıcısı Nəriman Axundzadənin əsas yığmaya deyil, gənclər komandasına çağırılmasına da münasibət bildirib:
"Bəli, Nəriman bu toplanışda bizimlə olacaq. Hazırda onun karyerasında çətin dövrdür. O, çox ciddi və güclü liqaya keçib, belə bir səviyyəyə uyğunlaşmaq üçün zamana ehtiyacı var. Mən çox şadam ki, Nəriman bizimlədir. O, Azərbaycan futbolu üçün fərqli keyfiyyətlərə malik, parlaq və xüsusi futbolçudur".


