Yeni mövsümün transfer çalışmalarına sürətlə başlayan "Fənərbağça" dünya futbolunda böyük səs-küy yaradacaq bir keçidə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "Sarı-lacivərdlilər" "Liverpul"un müqaviləsi başa çatan əfsanəvi sol cinah müdafiəçisi Endryu Robertsonun transferində ciddi irəliləyiş əldə ediblər.
Türkiyə mətbuatında yayılan son məlumatlara görə, İstanbul klubunun rəhbərliyi şotlandiyalı ulduz və onun menecerləri ilə keçirdiyi danışıqlarda böyük ölçüdə razılıq əldə edib.
Premyer Liqada uzun illər nümayiş etdirdiyi möhtəşəm performansla dünyanın ən yaxşı sol müdafiəçilərindən birinə çevrilən 32 yaşlı futbolçu, karyerasında yeni bir səhifə açmaq istəyir.
Doqquz mövsümlük uğurlu "Liverpul" karyerasından sonra İngiltərəni tərk etməyə hazırlaşan Robertson, fərqli bir çempionatda qüvvəsini sınamağa tamamilə açıqdır.
Təcrübəli müdafiəçinin "Fənərbağça" rəhbərliyinin təqdim etdiyi gələcək layihəyə, həmçinin Türkiyədə oynamaq ideyasına olduqca müsbət yanaşdığı və tərəflər arasında prinsipial razılığın əldə olunduğu bildirilir.
2017-ci ildə "Hall Siti" klubundan transfer olunduğu gündən bəri Mersisayd təmsilçisinin əvəzedilməz simalarından birinə çevrilən şotlandiyalı kapitan, komanda ilə birlikdə mümkün olan bütün böyük titulları qazanıb. Onun klub karyerasına Çempionlar Liqası, Premyer Liqa, FA Kuboku və bir çox digər beynəlxalq kuboklar daxildir.



