“Oyun planı baxımından komandanı istədiyimiz səviyyədə tam formalaşdıra bilməmişik”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasına qarşı keçirəcəkləri oyun haqqında fikirlərini bölüşüb:

“Sabah”ı qələbə münasibətilə təbrik edirəm, “Zirə”yə  uğurlar arzulayıram. Bir gün sonra isə “Neftçi” oynayır. Onlara da uğurlar arzulayıram.

Bizim ilk rəsmi oyunumuzdur. Komandamızda müəyyən dəyişikliklər olub və bu müddət ərzində çox çalışmışıq. Təbii ki, çatışmazlıqlarımız hələ də var. Amma ümumi mənzərəyə baxdıqda, işlər pis getmir.

Yeni transferlərdən bəziləri komandaya adaptasiya olsa da, bəzilərində proses bir qədər gec gedir. Bu da təbiidir və onların qısa zamanda tam hazır vəziyyətə gələcəyinə inanırıq.

Yeni transferlərdən bəziləri sabah meydanda olacaq. Elvinin də sabah oynamaq ehtimalı var”.

Mütəxəssis Duranın gedişi ilə bağlı məsələyə də münasibət bildirib: "Kamilo Duran hazırda "Seltik"in düşərgəsində yer alıb. Əgər işlər qaydasında gedərsə, Kamilo Duran "Qarabağ"dan ayrılacaq. Elvin Cəfərquliyevə gəldikdə, sabah onun oynamaq ehtimalı var. Ancaq onu görüşün əvvəlində, yaxud axırında meydanda görə biləcəyimizi dəqiq demək mümkün deyil".

Qeyd edək ki, "Qarabağ" - "Vestri" matçı iyulun 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.