"Şükürlər olsun ki, qələbə qazandıq. Qol buraxmadan bunu etmək çox önəmli idi. Üç komandanlı qrupdayıq, sonda qrup birincisini top fərqi müəyyənləşdirə bilər".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan qadın futbol yığmasının baş məşqçisi Siyasət Əsgərov deyib.
O. UEFA Millətlər Liqasının C Liqasının 4-cü qrupunda Litva üzərində səfər qələbəsini (2:0) şərh edib: "Rəqibin zəif və güclü cəhətlərini bildiyimizdən, oyunu buna uyğun qurmuşduq. Meydanda hər şeyi düzgün etdiyi üçün komandamıza təşəkkür edirəm. Qızlar xarakter və istək göstərməklə yanaşı, gözəl futbol oynadılar. Məqsədimiz qol buraxmadan qələbə qazanmaq idi ki, bunu reallaşdırdıq. Bu qalibiyyət münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bizi indi Monteneqroya qarşı çox vacib səfər oyunu gözləyir. Həmin matçdan da maksimum nəticə ilə qayıtmağa çalışacağıq".
Baş məşqçi görüşün 42-ci dəqiqəsində qırmızı vərəqə almasına da münasibət bildirib: “Hakimləri heç cür başa düşə bilmədim. Ehtiyat hakim epizoda çox uzaq idi. Rəqibin oyunçusu Nigar Mirzəliyevanı arxadan vurdu, hakim bunu görmədi. Hiss etdim ki, gərginlik yaranacaq, futbolçuları sakitləşdirmək üçün meydana girmək məcburiyyətində qaldım. Hakim bunu fərqli formada başa düşdüyündən, mənə qırmızı vərəqə göstərdi. Halbuki bunu etməsəydim, gərginlik arta bilərdi”.
Milli komandamız qrup mərhələsində mövbəti matçını aprelin 8-də səfərdə Monteneqro yığmasına qarşı keçirəcək.