Monteneqronun qadın futbolçulardan ibarət milli komandasının baş məşqçisi Mirko Mariç UEFA Millətlər Liqasının C Liqasının 4-cü qrupunda Azərbaycana qarşı keçiriləcək matç barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 55 yaşlı çalışdırıcı məsul oyuna ciddi hazırlaşdıqlarını bildirib.
"Yaxşı ki, bizim bu dəfə hazırlıq üçün daha çox vaxtımız var. Oyun gününə qədər 8 məşq planlaşdırılıb. Bu, əvvəlki təlim-məşq toplanışları ilə müqayisədə çoxdur. Eyni zamanda Azərbaycan komandasının bizimlə qarşılaşmadan əvvəl Litva ilə mübarizə aparması yaxşı haldır. Bizim rəqibi daha yaxşı analiz etmək imkanımız var. Digər tərəfdən, əgər biz arzulanan fomada olmasaq, saydıqlarım amillərin heç birinin mənası yoxdur. Biz Azərbaycan yığması ilə təxminən eyni səviyyədəyik. Deməli, bizi daha bir ağır oyun gözləyir. Ümidvaram ki, futbolçularım fevraldakı matçla müqayisədə daha yaxşı rəqabətədavamlı formada olacaqlar", - deyə M.Mariç vurğulayıb.
Möhtəşəm səfər qələbəsi
Azərbaycan yığması Monteneqroya yüksək əhval-ruhiyyədə yollanıb. Siyasət Əsgərovun rəhərlik etdiyi kollektiv aprelin 4-də Litvanın paytaxtı Vilnüsdə yerli komandanı 2:0 hesabı ilə məğlub edib. Qələbəni atəşfəşanlıqla qeyd edən xanımlarımız C Liqasının 4-cü qrupunun qalibi olmaq üçün irəliyə doğru böyük addım atıblar. Hazırda həm Azərbaycan, həm də Monteneqronun 4 xalı var. Topların fərqi də eynidir - 3:1 rəqibdə, 2:0 bizdə. Yalnız əlavə göstəricilərə görə Monteneqro yığması birinci pilləni tutur.
Həlledici görüş
Aprelin 8-də Monteneqronun Nikşiç şəhərində həlledici görüş ola bilər. Monteneqro - Azərbaycan qarşılaşmasında qalib gələn tərəf vaxtından əvvəl qrup qalibi adını qazanacaq. Heç-heçə olarsa, bütün suallara son turda Litva ilə görüşlərdə aydınlıq gələcək. Yığmamızın monteneqrolularla vacib oyunu Bakı vaxtilə saat 20-də start götürəcək.
Xatırladaq ki, fevralda bu kollektivlər arasında Bakıda gerçəkləşən qarşılaşma qolsuz bərabərliklə nəticələnib.