“Sabah çox önəmli oyuna çıxacağıq. Üç gün əvvəl Litva yığması üzərində qazandığımız səfər qələbəsi komadamıza özünəinam verdi. Bu da qarşıdakı görüşə daha yaxşı hazırlaşmaq baxımından vacib idi".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
UEFA Millətlər Liqasının C Liqasında mübarizə aparan yığmamız sabah 4-cü qrupda Monteneqroya qarşı mübarizə aparacaq. S.Əsgərov çətin səfər görüşündə qalib gəlmək istədiklərini gizlətməyib.
"Vaxt az olduğu üçün tez bir zamanda Litva ilə oyunu unudub, Monteneqroya qarşı matça köklənməli idik. Sabahkı görüşdən sonra qrupda hansı mövqeyi tutacağımız müəyyənləşə bilər. Bura qələbə istəyi ilə gəlmişik. Hər iki komanda bir-birini yaxşı tanıyır. Düşünürəm ki, minimum səhv edən tərəf istəyinə çatacaq. Nəzərə alaq ki, bu “pəncərə”də biz ikinci oyunumuza çıxacağıq və hər ikisi səfər qarşılaşmasıdır. Monteneqro isə bir matçla kifayətlənəcək. Yorğunluq olsa da, buradan istədiyimiz nəticə ilə dönmək üçün əlimizdən gələni edəcəyik”, deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, Nikşiç şəhər stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək