Azərbaycan yığmasının sabiq baş məşqçisi Arif Əsədov bu gün baş tutacaq Litva ilə oyun barədə fikirlərini Offsideplus.az ilə bölüşüb:
“Təbii ki, hazırda milli komandamız çətin durumdadır. Çünki Lixtenşteynlə itirilən o iki xal heç gözlənilmirdi. Hamı Litva heç-heçəsindən sonra sonra ümidli idi ki, qalan üç oyunu da qələbə qazanaraq qrupdakı birinci pilləni millimiz tutacaq. Amma bu heç-heçə bütün planları pozdu. O baxımdan dediyim kimi, çox çətindir Mənə elə gəlir ki, belə hallarda komanda öz birliyini göstərməlidir, öz gücünü göstərməlidir. Biz inanırıq ki, burda millimiz Litvanı udmaq gücündədir və buna qadirdir. İnşallah ki, qalib gələcəcəyik. Düşünürəm ki, bugün millimiz tamam başqa bir motivasiya ilə çıxacaq. Ola bilsin Litva səfərindəki heç-heçədən sonra millimizdə biraz arxayınçılıq var idi Amma futbol belə şeyləri bağışlamır. O baxımdan bugünkü oyuna məncə millimiz daha motivasiyalı, daha istəkli çıxıb qələbə qazanmalıdır”.
Qeyd edək ki, Azərbaycan - Litva oyunu saat 17:00-da start götürəcək.


