Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatı start götürəcək. 

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin 4 üzvü Milli Gimnastika Arenasında keçiriləcək mundialın ilk yarış günündə tatamiyə çıxacaq. 

Qadınların -48 kq çəki dərəcəsində Şəfəq Həmidova 1/32 final mərhələsində Madaqaskar təmsilçisi Nataşa Razafindrakalo ilə qarşılaşacaq. Könül Əliyeva isə mübarizəyə 1/16 finaldan başlayacaq və Çili cüdoçusu Mari Di Varqas Ley ilə üz-üzə gələcək.

Kişilərin -60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/16 finalda Artsiom Kolasau (Belarus) – Dilşot Xalmatov (Ukrayna) görüşünün qalibi ilə qarşılaşacaq. Eyni çəki dərəcəsində Əhməd Yusifovun rəqibi isə Baxrom Boturov (Özbəkistan) – Tumenjarqal Tuvşintur (Monqolustan) cütünün qalibi olacaq.

Təsnifat mərhələsinin görüşləri saat 11:30-dan etibarən “CBC Sport” telekanalında, final mərhələsi isə saat 18:00-dan başlayaraq “İctimai TV”də canlı yayımlanacaq.