Azərbaycan - Lixtenşteyn (0:0) matçından sonra təcrübəli jurnalisti, "Der Stammtisch" saytının rəhbəri Ernst Hasler Offsideplus.az-a müsahibə verib.

– Oyun haqqında təəssüratlarınız necədir?

– Komandam adına şadam, çünki son 5 oyunda ard-arda 5 məğlubiyyət almışdıq, indi isə güclü rəqibə qarşı bu xalı qazandıq. Bu, son 6 matçda göstərdiyimiz ən yaxşı oyun idi. Düşünürəm ki, komanda üçün möhtəşəm nəticədir. Futbolçularımız böyük cəsarət və əzm göstərdilər, müdafiədə kompakt mübarizə apardılar. Buna görə də bu nəticə mənim üçün sürpriz olmadı. Əlbəttə, şanslı olduğumuz anlar da var idi, çünki Azərbaycanın 2-3 böyük qol imkanı oldu, amma dəyərləndirə bilmədilər. Futbol belədir. Düşünürəm ki, ikinci hissədə Lixtenşteyn qalib gəlməyə daha yaxın idi. Bu, böyük sürpriz olardı.

– Daha əvvəl Azərbaycan futbolu haqqında məlumatınız var idi?

– Əlbəttə, çünki bura ilk gəlişim deyil. 1998-ci ildə də burada idim. Lixtenşteyndə Azərbaycanı 2:1 hesabı ilə məğlub etmişdik, amma burada 0:4 uduzduq. Ona görə də Azərbaycan futbolu haqqında az-çox məlumatım var. Həmçinin Çempionlar Liqasında oynayan "Qarabağ" kimi komandaları da tanıyıram. Düşünürəm ki, Azərbaycan futbolunda yaxşı inkişaf görünür. Mən alman baş məşqçinin (Berti Foqts - red.) Azərbaycan milli komandasını çalışdırdığı vaxtlarda da burada olmuşam, həmin vaxt da oyunumuz var idi. O, jurnalistlərə qarşı çox aqressiv idi, çünki bəzi jurnalistlər Azərbaycanın oyunundan razı deyildilər. Həmin alman məşqçi də onlara dedi ki: "Siz oyunda yox idiniz, mənimlə bu mövzunu necə müzakirə edə bilərsiniz?

– Deməli, Avrokuboklarda "Sabah" və "Qarabağ"ı izləyirsiniz…

– Bəli, əlbəttə. Çünki Çempionlar Liqası və Avropa turnirləri bütün Avropada izlənilir. Mərkəzi Avropada olduğumuz üçün bu matçların hamısını izləyə bilirik, onlar haqqında çox şey bilirik.

– Dediniz ki, Bakıya bir neçə dəfə gəlmisiniz. Bəs şəhəri və Azərbaycanı bəyənirsiniz?

– Bəli, amma bu dəfə çox qısa müddətlik gəldim. Dünən gecə çatmışam, bu gecə saat 02:00-da isə qayıdıram. Ona görə də bu dəfə zövq almağa vaxtım çox olmadı. Lakin ölkə həqiqətən möhtəşəm şəkildə dəyişib. 1998-ci ildə bura gəldiyim vaxtla indiki vəziyyəti müqayisə edəndə görürəm ki, mənsub olduğu mədəniyyət, iqtisadiyyat və idman sahəsində baş verənlər həqiqətən xüsusidir.