Azərbaycanlı gənc məşqçi Elvin Həsənov Türkiyədə baş məşqçi kimi çalışa bilər.
Offsideplus.az xəbər verir ki, 15 gündən artıqdır İstanbulda olan Həsənov "İstanbulspor", "Kasımpaşa" və "Eyyüpspor" kimi klubların rəhbərliyi ilə görüşlər keçirib. Qısa zaman ərzində onun bu klublardan birində baş məşqçi kimi fəaliyyətə başlayacağı gözlənilir.
Həsənovun İstanbula yollanmasında əsas məqsəd təkcə baş məşqçi kimi çalışmaq deyil, həm də Türkiyə və Azərbaycan çempionatları arasında əməkdaşlıq "körpüsü" yaratmaqdır. Belə ki, yaradılacaq agentlik vasitəsilə Eren Aydın kimi Türkiyədə "kölgədə qalan" futbolçuları Misli Premyer Liqasına gətirmək planlaşdırılır.
Qeyd edək ki, hazırda "A" kateqoriyasına sahib olan mütəxəssis "Pro" lisenziyasını almaq üçün təhsilini İstanbulda davam etdirəcək.
Elvin Həsənov ötən mövsüm "Quba" və "Şəki"də, daha əvvəl isə "Sabah"ın aşağı yaş komandalarında baş məşqçi olaraq çalışıb.


