NBA-nın sədr müavini Mark Tatum Avropanın ən nüfuzlu futbol klublarının illik konfransında qonaq olub. Tədbir Danimarkada keçirilib və "Paris Sen-Jermen"in prezidenti Nasser Əl-Xələifi tərəfindən təşkil edilib.

Offsideplus.az xəbər verir ki, Mark Tatum və NBA-nın Avropa və Yaxın Şərq üzrə baş meneceri Corc Ayvazoglu "Paris Sen-Jermen", "Barselona", "Bavariya", "Real Madrid" və "Milan" klublarının rəhbərləri ilə qapalı görüşlər keçirib. Bu klubların NBA Avropa layihəsinə maraq göstərdiyi bildirilir. Hazırda NBA Avropa üçün 12 təsisçi klubun seçilməsi prosesi yekunlaşmaq üzrədir və yaxın vaxtlarda rəsmi açıqlama gözlənilir.

Qeyd edək ki, "Paris Sen-Jermen" və "Milan"ın basketbol bölməsi yoxdur və uzun müddətdir NBA-nın yeni liqası üçün əsas namizədlərdən sayılır. Digər tərəfdən, "Real Madrid", "Barselona" və "Bavariya" klubları EuroLeague ilə onillik müqavilə imzalayıb və bu yarışın səhmdarlarıdır. Həmçinin, NBA və EuroLeague arasında Avropada birgə liqa yaradılması ilə bağlı danışıqlar aparılır, lakin tərəflər hələlik bu barədə açıqlama verməkdən imtina edib.