Azərbaycanın U-21 milli komandası Avropa çempionatının seçmə mərhələsində şotlandiyalı həmyaşıdları ilə qarşılaşacaq.

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov oyun haqqında fikirlərini Offsideplus.az ilə bölüşüb:

"Oyundan oyuna inkişaf edən U-21 milli komandamız var. Meydanın hər qarışı uğrunda mübarizə aparırlar. Güclü rəqibə – Portuqaliya ilə heç-heçə edən Çexiyaya qarşı matçda bir xal qazandıq. Qarşıda ağır Şotlandiya səfəri və Bakıda Cəbəllütariqlə oyunumuz var. Ümid edək ki, yaxşı nəticə olacaq. Rəşad Eyyubovun fəlsəfəsini ortaya qoymaq üçün zamana ehtiyacı var idi. Bu işin bəhrəsi indi özünü göstərir. Şotlandiya millisində yeni baş məşqçi təyinatı olub. Lakin biz bu gün sona qədər mübarizə aparan komanda görəcəyik. Hər mərhələdə ümid edirdik ki, rekord qırılacaq. Bu tarixi uğura bu dəfə daha çox yaxınıq. Gənclərdə potensial yüksəkdir və bu şansdan maksimum istifadə etmək lazımdır".

Sözügedən qarşılaşma bu gün 22:30-da start götürəcək.

Təcrübəli mütəxəssis əsas milli komandamızın çıxışı haqqında da danışıb:

"Litvadakı oyun və nəticə komandamız üçün sərfəli oldu. İki milli arasında liderlik mübarizəsinin gedəcəyi bəlli idi, buna görə də səfər matçı böyük əhəmiyyət kəsb edirdi. Erkən qol buraxsaq da, xarakter ortaya qoyaraq oyunu dəyişdik və futbolçularımız sona qədər rəqibə üstünlük vermədilər. Bir qol vursaq da, bu nəticə Bakıdakı hər iki oyunda maksimum nəticə əldə edəcəyimizə ümid verir. İnanırıq ki, Ayxan Abbasov və komandası müsbət nəticə qazanacaq. Futbolçularda yaxşı mənada psixoloji dəyişiklik hiss olunur, komandanın əsas niyyəti qələbə qazanmaqdır".

Sadıqov heyətə dəvət olunan futbolçular barədə isə bunları deyib:

"Məşqçinin işinə qarışmağımız doğru olmaz. Ayxan Abbasovun qərarlarına hörmətlə yanaşmalıyıq. O, hər bir futbolçunun potensialını bizdən yaxşı bilir. Baş məşqçi təkcə bu günü düşünmür, həm də gələcəyin yığmasını formalaşdırmaq üçün addımlar atır. Bu addımlar mərhələli şəkildə və təmkinlə atılır".

Qeyd edək ki, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriəcək Lixtenşteynlə matçın start fiti sabah 20:00-da veriləcək.