Asiyanın Çempionlar Liqasında keçirilən qarşılaşmada "Əl-Nəsr" səfərdə "Əl-Sədd"i 2:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, oyunda hesabı Kriştiano Ronaldu açıb. Portuqaliyalı ulduz penalti zərbəsini dəqiq yerinə yetirib və bu qol onun karyerasında 987-ci olub. Ronaldu özü penalti qazanıb, daha sonra isə 35-ci dəqiqədə Anjelo Qabrielin ötürməsindən sonra topu boş qapıya göndərsə də, VAR yoxlamasından sonra ofsayd səbəbindən qol ləğv edilib.
Bir epizodda Ronaldu laynsmanın qərarına emosional reaksiya verib: o, laynsmanın üzərinə dönərək əlini gözünə tutub və bayraq yelləmə hərəkəti edib.
Birinci hissənin sonunda "Əl-Sədd" azlıqda qalıb. Məhəmməd Əbdülvahab rəqib oyunçu Nəvaf Buşala tüpürdüyü üçün VAR-dan sonra birbaşa qırmızı vərəqə alıb.
Qarşılaşmada qələbə qolunu Joau Feliks vurub. Portuqaliyalı futbolçu akrobatik zərbə ilə topu tora göndərib.


