Portuqaliya millisinin yarımmüdafiəçisi Fransişku Trinkau Kriştiano Ronaldunun komandadan ayrılması ilə bağlı vəziyyəti şərh etməkdən imtina edib.

Offsideplus.az xəbər verir ki, Millətlər Liqasında Portuqaliya millisi Danimarka üzərində 4:2 hesablı qələbə qazanıb. Trinkau oyundan sonra bunları deyib:

"Baxmayaraq ki, iki qol buraxdıq, baş məşqçinin tapşırıqlarını yaxşı yerinə yetirdik, çoxlu qol imkanları yaratdıq və dörd qol vurduq. Həmişə çətin oyun olur, ötən il burada uduzmuşduq. Bu dəfə isə sabit oyun göstərdik, qalib gəldik və çox razıyıq. Dəyişikliklər baş verəndə nəticə gözləyirsən, komanda qalib gələndə işləmək daha asan olur. Hər zaman inkişaf üçün imkan var, baş məşqçinin bizdən istədiklərini hələ tam mənimsəməmişik, amma artıq əvvəlkindən fərqlər hiss olunur və qələbə qazanmaq həmişə xoşdur".

Kriştiano Ronaldu barədə isə Trinkau belə deyib:

"Bu vəziyyət haqqında danışmaq istəmirəm, hamıya hörmət edirəm və yalnız oyun barədə danışmaq istəyirəm. Bu əla qələbə idi və çox razıyıq. Biz peşəkarıq, həmişə maksimumunu verməli və əlimizdən gələni etməliyik".