"Alpin"in pilotu Franko Kolapinto Azərbaycan Qran-prisindəki qəzadan sonra üzləşdiyi onlayn nifrət dalğasına görə "MakLaren"in sürücüsü Lando Norrisi günahlandırıb.
Offsdieplus.az xəbər verir ki, Norris həmin insidentdən sonra argentinalı pilotun diskvalifikasiya olunmasını tələb etmişdi.
Kolapinto Norrisin bu reaksiyasının həddi aşdığını bildirib:
"O, həddən artıq irəli getdi. Özü sosial şəbəkələrdəki nifrətdən ən çox gileylənən insanlardan biridir. Azarkeşlərə nəyi ötürdüyümüzə diqqət etməliyik, xüsusən də çempion olan bir pilot belə davranmamalıdır. Məsələn, Avstriya Qran-prisində analoji hal yaşandı, amma Maks Ferstappen Kimi Antonelliyə qarşı belə etmədi və dərhal onun üzrünü qəbul etdi".
Argentinalı pilot artıq aralarındakı gərginliyin geridə qaldığını əlavə edib:
"Aramızda fərq var, amma belə hallardan yayınmaq lazımdır. Lando səhvini anladı və məndən üzr istədi. Mən də onu yarışdan kənarlaşdırdığım üçün üzrxahlıq etdim, hazırda hər şey qaydasındadır".


