EuroLeague-in üçüncü turunda "Hapoel Tel-Əviv" Sofiyada keçirilən oyunda "Real Madrid" üzərində 102:98 hesablı qələbə qazanaraq mövsümdə ikinci uğuruna imza atıb.
Offsideplus.az xəbər verir ki, "Hapoel"in lideri Elayca Braynt 22 xal, 13 ribaund və 7 assistlə demək olar ki, tripl-dabl göstəricisinə yaxınlaşıb. Vasilije Miçiç də 22 xal toplayıb. Bruno Kaboklo və Zak Leday hərəyə 15 xalla fərqlənib. "Real Madrid"də isə fransalı oyunçular ön plana çıxıb: Teo Maledon 26, Timote Luvavu-Kabarro 21 xal əldə edib. Valter Tavares isə 14 xal və 13 ribaundla dubl-dabl edib.
Sofiyada baş tutan qarşılaşmanın ilk hissəsində "Hapoel" 20 xallıq üstünlük (63:43) əldə etsə də, üçüncü hissədə "Real Madrid" 19:0-lıq seriya ilə hesabı bərabərləşdirib və hətta önə keçib. Lakin son hissədə Brayntın parlaq oyunu "Hapoel"ə ikinci qələbəsini qazandırıb. "Real Madrid" isə tarixində ilk dəfə EuroLeague-də mövsümə üç məğlubiyyətlə start verib.


