Azərbaycan milli komandası Millətlər Liqasında Lixtenşteyn yığması ilə qolsuz heç-heçə edib – 0:0.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
"Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı və vəziyyətimiz çətinləşdi. Yaranan qol epizodlarından istifadə edə bilmədik. İndi günahkar axtarmayacağıq, növbəti matçlara hazırlaşacağıq".
— Rəqib məşqçi futbolçularının peşəkar olmadığını və başqa sahələrdə çalışdıqlarını bildirdi. Bizim futbolçular hansı sahələrdə çalışsalar, daha uğurlu olarlar?
— Hamınız haqlısınız. Lixtenşteynə qalib gəlməyə məcburuq. Rəqibin peşəkar olub-olmamasını müzakirə etmək mənə düşməz. Amma biz öz potensialımızdan zəif çıxış etdik, bunu hamı gördü. Çıxış yolu Litva ilə matçda qələbə qazanmaqdır.
— Rəhbərlik sizi istefaya göndərsə, təzminatdan imtina edəcəksiniz?
— Müqaviləmiz qışa qədərdir. Biz bura ən ağır dönəmdə gəldik və məsuliyyətdən qaçmadıq. Rəhbərlik nə qərar versə, mən onlardan razıyam. Vaxt hər şeyi göstərəcək.
— Oyunun startından etibarən futbolçularda gərginlik var idi. Bu, ən çox Vüsal İsgəndərlidə hiss olunurdu. Səbəbi nə idi?
— Vüsalı yəqin ki, yaxşı izləmirsiniz. Hücumlarımız alınmırdı. Bu komandanın fərqi yaxşı müdafiə olunmasıdır, dünən də bunu qeyd etmişdim. Vüsal həmişə belə aqressivdir.
— Üç gündən sonrakı oyuna komandanı psixoloji cəhətdən hazırlamaq nə dərəcədə çətindir?
— Asan deyil. Bütün məsuliyyət məndədir. Heyətdə istirahət edəcək oyunçularımız olacaq.
— Siz gəldikdən sonra komanda irəliləyib, yoxsa daha da zəifləyib?
— Mən bütün yoldaşlıq oyunlarında məğlub olan komandaya gəlmişdim. Əzmkarlıq artdı, gənc oyunçular heyətə dəvət olundu. Lakin bu yetərli deyil. Hücumçu problemimiz var və buna vaxt lazımdır. Mən və ya başqası olsun, zaman önəmlidir.
— Özünüz psixoloji cəhətdən bu təzyiqləri qarşılaya biləcəksiniz?
— Mən bura gələndə belə şeyləri nəzərə alıb gəlmişəm. Bu təzyiqlərin olacağını bilirdik.
— Dünən U-21 millimizin oyunu oldu. Gənc nəsildən razısınız, Azərbaycan futbolunda işıq görürsünüz?
— Bu haqda çox danışmaq olar. Əsas məsələ akademiyalardır. Əlimizdə olan budur.
— Qapıya vurulan zərbələr azlıq təşkil edir. İki matçda cəmi bir qol vurulub. Rəqibləri məğlub etmək üçün nə etmək lazımdır?
— Qapıya zərbə üzərində çalışmaq milli komandada bizim işimiz deyil, çünki vaxt az olur. Ümid edək ki, Litva ilə oyunda zərbələr və qollar olacaq.


