2026/27 mövsümündən etibarən Azərbaycan Basketbol Liqasında (ABL) yeni maliyyələşdirmə modeli tətbiq olunacaq.
Offsideplus.az xəbər verir ki, yeni sistemin əsas prinsipi “Daha çox qələbə, daha çox azarkeş – daha çox maliyyə dəstəyi” şüarı üzərində qurulub. Ümumi maliyyə büdcəsi əvvəlki illərlə müqayisədə təxminən eyni səviyyədə saxlanılacaq. Lakin vəsaitlərin klublar arasında bölüşdürülməsi artıq əvvəlcədən müəyyən edilmiş sabit ödənişlər əsasında deyil, komandaların nəticələri və qarşıya qoyulan meyarları yerinə yetirməsindən asılı olacaq.
Beləliklə, klubların həm meydandakı nəticələri, həm də azarkeşlərlə qarşılıqlı əlaqəsi maliyyə dəstəyinin formalaşmasında əsas amillərdən birinə çevriləcək.
Yeni maliyyələşdirmə modelinin 5 əsas şərti aşağıdakılardır:
Azarkeş Dəstəyi (Tribuna Bonusu): Hər oyuna ən azı 300 azarkeş cəlb edən klub, hər matç üçün 3.000 AZN qazanacaq. Mövsüm ərzində keçirilən 21 oyunda bu şərti ödəyən klub büdcəsinə əlavə 63.000 AZN cəlb edə bilər.
Qələbə Bonusu: Qazanılan hər qələbə 10.000 AZN dəyərində qiymətləndirilir. Mövsüm ərzində maksimal qələbə göstəricisi ilə klublar 210.000 AZN-ə qədər mükafat əldə edə bilərlər.
Yarımfinala Vəsiqə: Mövsümün sonunda pley-off 'un yarımfinal mərhələsinə vəsiqə qazanan hər 4 klubun hər birinə əlavə 150.000 AZN ayrılacaq.
Vitse-çempionluq mükafatı: Çempionatı ikinci yerdə başa vuran komandaya 700.000 AZN həcmində əlavə maliyyə dəstəyi veriləcək.
Çempionluq Mükafatı: Ölkə çempionu olan klub 1.400.000 AZN əlavə mükafat qazanacaq.
Qeyd edək ki, ABL-də yeni mövsümə başlayan bütün klublar şərtsiz olaraq 300.000 AZN alacaqlar.


