Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Millətlər Liqasının 3-cü turunda İtaliya yığması ilə oyundan əvvəl sabiq müdafiəçi Marko Materatsiyə kəllə atdığı epizodu xatırlayıb.
Offsideplus.az xəbər verir ki, o, 2006-cı ildə baş verən həmin insident barədə danışarkən peşmanlığını dilə gətirib:
"2006-cı il? Kadrları hər yerdə dövr etdirib göstərdikləri üçün bu anı mənə mütəmadi olaraq xatırladırlar (gülümsəyir). Mən daha çox müsbət məqamlar haqqında düşünürəm. "Yuventus" mənim üçün xüsusi klub idi, məhz orada mühüm futbolçuya çevrildim. 2006-cı ildə etdiyim hərəkətlə fəxr etmirəm. Bu, keçdiyim yolun bir hissəsidir. Hər birimiz səhvlər edirik. Ən vacibi bundan sonra nə baş verəcəyi və Fransa millisini qarşıda nələrin gözlədiyidir".
Qeyd edək ki, DÇ-2006-nın İtaliya və Fransa milli komandaları arasında keçirilən final matçının 110-cu dəqiqəsində fransızların kapitanı Zinəddin Zidan Materatsinin sinəsinə kəllə vurduğu üçün qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.
UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda yer alan Fransa və İtaliya yığmaları arasında keçiriləcək 3-cü tur oyunu oktyabrın 2-də baş tutacaq.


