"Klivlend Kavalers"in ulduz basketbolçusu Ceyms Harden komanda yoldaşı Ceylon Taysonun potensialı və inkişafı barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, təcrübəli oyunçu Taysonun liqada yüksək səviyyəyə çatmaq üçün bütün lazımi keyfiyyətlərə sahib olduğunu vurğulayıb:

"Ceylonla yaxşı əlaqə qurmağa çalışıram, çünki onun bu liqada böyük uğurlar qazanmaq və yüksək nəticələr göstərmək üçün bütün bacarıqları var. Bəzən ona sadəcə doğru istiqamət vermək lazımdır ki, növbəti addımı atsın. Mənim üçün əsas məsələ onunla etibarlı münasibət qurmaqdır ki, çətin anlarda düzgün yönəldə bilim. Ötən mövsüm müəyyən təcrübə qazandı, bu mövsüm isə komandamıza daha çox fayda verəcək".

Qeyd edək ki, Ceylon Tayson ötən mövsüm iştirak etdiyi 66 oyunda orta hesabla 26.9 dəqiqə meydanda qalıb. Gənc basketbolçu hər matçda 13.2 xal, 5.1 ribaund və 2.2 assist göstəriciləri ilə yanaşı, üçxallıq atışlarda 44.6 faiz dəqiqlik nümayiş etdirib.