Aleksey Batrakov Çempionlar Liqasında "Sportinq"ə qarşı keçirdiyi debüt oyununu xatırlayıb.

Offsideplus.az xəbər verir ki, "Qalatasaray"ın yarımmüdafiəçisi matçdan öncə səslənən himnin ona böyük həyəcan yaşatdığını bildirib. "Hələ də danışanda tüklərim biz-biz olur. Himn səslənəndə valideynlərimi gördüm, gözləri dolmuşdu. O an başa düşdüm ki, arzum gerçəkləşib və ən yaxın insanlarım yanımdadır. Onlar da mənimlə birgə xoşbəxt idilər. Özümü ələ almaq üçün baxışlarımı onlardan yayındırdım. Yanımda Yakobs dayanmışdı, formamda 'debüt' nişanını gördü və 'Nə qədər xoşbəxtsən, bundan zövq al' dedi. Mən də 'Bəli, qardaş' cavabını verdim".

Batrakov "Sportinq"in səviyyəsi barədə də danışıb: "Birinci hissədə xüsusi bir şey etmədilər. Sadəcə, buraxılan qolda mən müdafiəyə kömək etmək istədim. Əslində, o, mənim oyunçum deyildi, amma boş qalmışdı. Top elə sıçradı ki, ya penalti, ya da qol olacaqdı. Rəqib ideal zərbə vurdu. Təbii ki, məyus oldum. Qarşıdakı oyun 'Barselona'ya qarşıdır. Əminəm, maraqlı olacaq. Amma hələlik bu barədə çox düşünmək istəmirəm, əlavə həyəcan yaşamaq istəmirəm".

O, "Selta"da çıxış edən Smolovun yalnız "Barselona" və "Real Madrid" kimi nəhəng klublara qol vurduğunu xatırladıb və əlavə edib: "Bəlkə mən də 'Barselona'ya qol vuraram. Amma təkcə böyük klublara yox, digər rəqiblərə də qol vurmaq istəyirəm. Hər şey zamanla olacaq. Ailəmlə də bunu müzakirə etdik. Əgər ilk oyunda fərqlənsəydim, əlbəttə, əla olardı, amma bəlkə də bu hissin bir az daha uzun sürməsini istəyirəm. Hər şey tədricən olsun. Hazırda həyatdan zövq alıram və hər anı dəyərləndirirəm. Hər şey çox gözəldir. Bilirəm ki, bu həyəcan tezliklə keçəcək, amma hələlik hər şey çox maraqlıdır".

Batrakov "Kocaelispor"la oyunda 38-ci dəqiqədə isinməyə getdiyini və stadionun reaksiyasının onu heyrətləndirdiyini də qeyd edib: "Isinmə zonasına qaçanda stadion sanki partladı. Bu, Messinin 'Kamp Nou'da əvəzetməyə hazırlaşdığı anı xatırlatdı. Həyatımda belə bir hiss yaşamamışdım. İkinci hissədə meydana çıxmağa hazırlaşanda stadion yenidən coşdu. Bu anları gələcəkdə gülümsəyərək xatırlayacağam".