"Barselona" klubu Negreyra işi ilə bağlı yaranan yeni vəziyyətə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, klubun yaydığı açıqlamada UEFA-nın heç bir yeni araşdırmaya başlamadığı vurğulanıb. Bildirilib ki, araşdırma 2023-cü ildə iki müstəntiqin təyin olunması ilə başlanıb və həmin vaxtdan etibarən onlar zəruri hesab etdikləri bütün addımları atıblar. Klub hər zaman onların tələblərini yerinə yetirib. Araşdırma dayandırılmadığı üçün yenidən başlanılmasından söhbət gedə bilməz.

UEFA-nın açıqlamasında Madridin "Real" klubunun təqdim etdiyi sənədlərin alındığı təsdiqlənib və bu sənədlərin hazırkı araşdırma çərçivəsində öyrəniləcəyi qeyd olunub. Həmin açıqlamada iki dəfə "davam edən" araşdırmadan bəhs olunub. Buna görə də, açıqlamada heç bir yeni işin açılması, yenidən başlanılması və ya araşdırmanın yenidən nəzərdən keçirilməsi barədə məlumat yoxdur, təqdim olunan sənədlərin məzmunu və əhəmiyyəti ilə bağlı da heç bir qiymətləndirmə verilməyib. Müstəntiqlər bu sənədlərlə bağlı hansı addımların atılmasını məqsədəuyğun sayacaqlarına özləri qərar verəcəklər. Hazırda onlar "Barselona"ya heç bir yeni sorğu göndərməyib və "Real Madrid"in şikayətini kluba təqdim etməyiblər. Əgər belə bir hal baş verərsə, klub indiyədək olduğu kimi, uyğun şəkildə cavab verəcək.

Açıqlamada həmçinin qeyd olunub ki, hazırda İspaniyada baxılan cinayət işi üzrə qərar bu araşdırma üçün əsas olacaq və bu, dəyişməyəcək. Araşdırma başladığı vaxtdan "Barselona" UEFA-dan heç bir etiraz olmadan lisenziya alıb və UEFA turnirlərində iştirak edib.