"Mayami Hit"in baş məşqçisi Erik Spoelstra Yannis Antetokunmpo ilə bağlı maraqlı fikirlər səsləndirib. O, Yannisə məşhur oyunqurucu Medcik Consonla müqayisə edib.

Offsideplus.az xəbər verir ki, Spoelstra Antetokunmponun meydanda hücumları idarəetmə tərzinin 1980-ci illərdə Pet Raylinin rəhbərliyi altında çıxış edən əfsanəvi oyunqurucuya bənzədiyini bildirib. "Yannis möhtəşəm epizodlar yaradır. Biz bunu artıq bilirdik, çünki onunla pley-offda üç dəfə qarşılaşmışıq. Amma bir həftə ərzində hər gün məşqlərdə bunu görmək, onun nə qədər istedadlı oyunqurucu olduğunu daha dərindən anlamağa imkan verir. Onun fiziki göstəriciləri, meydanı görməsi və snayperlərə dəqiq ötürmələr verməsi həqiqətən təsir edicidir. Pet Rayli bütün həftə məşqlərdə iştirak edib və Yannis topu idarə edərkən, hücumları qurarkən hamımıza 80-ci illərdə Petin komandasında çıxış edən böyük oyunqurucunu xatırladır", – deyə Spoelstra vurğulayıb.

Qeyd edək ki, Antetokunmpo "Toronto" ilə yoxlama oyununda 14 dəqiqəyə 9 xal və 7 assistlə yadda qalıb.