Yannis Antetokounmpo NBA karyerasında yeni mərhələyə start verib. Ulduz basketbolçu "Mayami Hit"in heyətində ilk oyununa çıxıb və komandası hazırlıq görüşündə "Toronto Reptors" üzərində 129:105 hesablı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, Antetokounmpo 13 mövsüm boyunca "Miluoki Baks"da çıxış etdikdən sonra yeni klubunda debüt edib. Kvebekdə yerləşən Videotron Arenada keçirilən qarşılaşmanı 18 min 474 azarkeş izləyib. Yunanıstanlı forvard 14 dəqiqə 7 saniyə meydanda olub, 9 xal, 4 ribaund və 7 assistlə yadda qalıb. O, 3 iki xallıq atışının hamısını dəqiq yerinə yetirib, cərimə atışlarında isə 4-dən 3-nü dəqiq atıb. Antetokounmpo həmçinin 2 top itkisinin müəllifi olub. "Mayami Hit" bu oyunda ümumilikdə 19 basketbolçuya şans verib.

Komandanın baş məşqçisi Erik Spoelstra Antetokounmpounun oyun quruculuğunu yüksək qiymətləndirib və onun komanda yoldaşları üçün yaratdığı imkanları əfsanəvi Magic Conson ilə müqayisə edib.