"Neftçi" dünən baş tutan FIBA Avropa Kubokunun təsnifat mərhələsi çərçivəsində "Parnu"ya qarşı oyunda 80:67 hesablı qələbə qazanıb. 
"Neftçi" İK-nin icraçı direktoru Fərəc Əliyevin Offsideplus.az saytına müsahibə verib:
 
– Keçən mövsümlə müqayisədə komandada xeyli dəyişikliklər baş verib. Hazırlıq prosesini necə dəyərləndirərdiniz?
– Bildiyiniz kimi keçən mövsümdən xeyli dəyişikliklər oldu. Həm texniki heyətdə, həm məşqçilər korpusunda, həm də oyunçular arasında dəyişikliklər baş verdi. İki təlim-məşq toplanışı keçirmişik. Birinci toplanış Gəncədə, ikincisi isə İzmirdə baş tutdu. İki yoxlama oyunu keçirdik. İdmançılarımız yaxşı klublara qarşı mübarizə apardılar. Avropa Kuboku oyunundan əvvəl bu, bizim üçün yaxşı hazırlıq oldu.
– Bu mövsüm qarşıya hansı hədəflər qoyulub?
– Hədəfimiz mütləq şəkildə Avropa Kubokuna vəsiqə qazanmaqdır. Ötən il pley-off mərhələsində qrupdan irəliləmək üçün bir qədər çatışmazlıqlarımız oldu. Ümid edirik ki, bu il bunu bacaracağıq. Bu il format da dəyişib. Ötən il qrupda 4 komanda var idisə, bu il 6 komanda olacaq. Ancaq biz bütün oyunlarda qələbəyə köklənmişik.
– Yəni əsas hədəf yalnız Avropa kuboku deyil...
– Nəinki Avropa Kubokuna, həm də çempionata diqqətimizi yönəltmişik. “Neftçi” elə bir klubdur ki, istər kubokda, istərsə də çempionatda qələbə üçün meydana çıxır. Hər iki turnirdə qələbəyə köklənmişik. Bizi maraqlı çempionat gözləyir.
– Azərbaycanın 4 klubu avrokuboklarda çıxış edir. Bununla bağlı nə deyə bilərsiniz?
– Bəli, tarixdə ilk dəfə Azərbaycanın 4 klubu avrokuboklarda mübarizə aparır. Hər bir kluba uğurlar arzulayırıq və hər birinə azarkeşlik edirik. Ümid edirəm ki, bizim üçün maraqlı çempionat keçəcək.
– Komandanın heyətinin formalaşdırılması zamanı seçim necə aparılıb?
– Baş məşqçi tərəfindən həm yerli, həm də xarici oyunçuların seçimi olub. Kimləri seçibsə, onlar bu gün buradadırlar.
– Azarkeşlər barədə nə demək istərdiniz?
– İlk öncə onlara təşəkkür etmək istəyirəm. Həmişə bizim yanımızdadırlar. İstər avrokuboklarda, istər kubokda, istərsə də çempionatda daim bizimlə birgədirlər. Mən azarkeşləri komandadan ayrı görmürəm. Onlar “Neftçi” ailəsinin bir hissəsidir. Ümid edirəm ki, “Neftçi” ailəsi bu mövsüm məyus olmayacaq.