Formula 1 üzrə məşhur şərhçi Rəhim Əliyev Azərbaycan Qran-prisi, Bakı trasının xüsusiyyətləri, çempionluq intriqası və komandaların şansları ilə bağlı Offsideplus.az-ın suallarını cavablandırıb.

- Rəhim müəllim, 20 il əvvəl sevimli idman növünüzün Azərbaycanda təşkil olunacağını gözləyirdinizmi?

- Əvvəla ondan başlayaq ki, mən, sözün doğrusu, bunu gözləyirdim. Mən bu yarışa 1980-ci illərdən azarkeşlik etmişəm, 1990-cı illərdə mətbuatda bu idman haqqında çıxışlar eləmişəm və 1990-cı illərin sonundan ulu öndər Heydər Əliyevə məktublar yazırdım ki, öz ölkəmizdə belə bir yarış keçirmək lazımdır. Televiziya kanallarında yayımlanması üçün dəfələrlə müraciət edirdim. Yəni imkanımız çatan qədər çalışırdıq. Əlbəttə ki, əvvəl bu barədə sayt qurduq, sonra yarış "İdman TV"də yayımlanmağa başladı... Bunların hamısı mərhələ-mərhələ baş verirdi.

Nəhayət, sonuncu mərhələ o oldu ki, bu idman ölkəmizə gəldi. Cənab Prezidentin "Mən nəyi, necə, nə vaxt etmək lazımdır, bilirəm" prinsipini mən Formula 1-də elə 2015–2016-cı illərdə hiss etdim. Çünki bu idman növü böyük miqyasda keçirilir və böyük güc, səfərbərlik tələb edir. Onu birbaşa təşkil etmək çox çətindir. Amma bizdə proses necə mərhələli oldu: "Avroviziya", Avropa Oyunları... Bunlar hamısı idman üçün infrastruktur, müəyyən bir zəmin yaratdı. Nəhayət, bu idman ölkəmizə gələndə hər şey hazır idi: yollarımız çəkilmişdi, otellərimiz tikilmişdi, baza var idi, marşallar üçün Atletlər Kəndi qurulmuşdu... Yəni işimiz sanki bir qədər asanlaşdı.

Sözümün canı, bunların hamısı ilk mərhələ idi, amma indi üstündən 10 il keçib. 10 il göz qırpımında keçir, lakin bu dövrdə nə qədər insanın zəhməti var. Ən aşağıda olan könüllülərimizdən, marşallardan, Bakı Şəhər Halqası promouterindən tutmuş media mənsublarınadək hamımızın burda əməyi var. Geriyə dönüb baxanda, görülən işləri və çatdığımız səviyyəni görəndə bəlli olur ki, doğrudan da çox böyük iş görülüb. Bu iş dayanmır, davam edir. 20-ci, 30-cu ili də var. Ümid edirəm ki, bu istiqamətdə inkişaf davam edəcək.

- Geridə qalan illərə nəzər salsaq, Bakıdakı ən unudulmaz yarış hansı olub?

- Mənim üçün birincisi birmənalı şəkildə bu, 2017-ci ilin yarışıdır. Şəhərdən mətbuat konfransına gələndə hamı eyforiyada idi. O qədər böyük adrenalin yaşanmışdı ki... Sürücülər bir yana, azarkeşlər və mətbuat mərkəzindəki insanlar da coşğulu idi. Orada 400–500 yarış izləmiş təcrübəli insanlar var idi. Onlar üçün də Bakıda baş verənlər - 10-cu yerdən start alan Daniel Rikkardonun qələbəsi, birinci döngədəki üçlü ötüşmə, Sebastyan Fettel ilə Lyuis Hemilton arasındakı insident unudulmaz idi. Təsəvvür edin, həmin il mövsümün sonuncu yarışı üçün Əbu-Dabiyə getmişdik. "Abu Dhabi" Qran-prisində artıq Lyuis Hemilton çempionluq ranqında idi. Ondan mövsümün ən unudulmaz hadisəsini soruşanda məhz Bakını xatırlatmışdı. Nəinki həmin mövsümdə, üstündən illər keçəndən sonra Fettel karyerasını başa vuranda da Hemiltona sual verərkən yenə həmin insidentə qayıtmışdılar. İstər sürücülər, istərsə də azarkeşlər arasında sorğu keçirsəniz, unudulmaz an kimi məhz 2017-ci il yarışını göstərəcəklər.

Ondan sonrakı yarışlar da pis olmadı. 2018-ci ildə son dövrələrdə Valtteri Bottasın təkərinin partlaması və Hemiltonun qələbəsi, 2021-ci ildə Maks Ferstappenin təkəri partladıqdan sonra dərhal restartda Serxio Peresin qələbəsi... Bəli, restartda əyləc sistemindəki problemə görə... Yəni baxırsan ki, hər ildə mütləq nəsə baş verib. Keçən il yarışın özü olmasa da, sıralama turu tarixə düşdü: 6 dəfə qırmızı bayraq dalğalandı. Formula 1 tarixində sıralama turunda bu qədər çox qəzanın olması və qırmızı bayrağın qaldırılması analoqsuz hadisədir. Hətta kadrda göstərdilər, oturan bir şəxs telefonda "İdman Azərbaycan" kanalına baxıb bizim şərhimizi izləyirdi. Mənim üçün bundan gözəl reklam ola bilməzdi. Demək istədiyim odur ki, hər il böyük və ya orta miqyaslı elə bir hadisə baş verir ki, Azərbaycan Qran-prisi mövsümün sonunda məhz həmin anla xatırlanır.

- Bəs bu həftəsonu keçiriləcək Azərbaycan Qran-prisində favoritiniz kimdir?

- Favorit kimi birmənalı şəkildə "Mersedes" mühərriklərini görürəm. Onların mühərrikləri çox güclüdür. Komanda olaraq "Mersedes" və "MakLaren" qələbəyə daha yaxındır. Uzun düzlük və maksimal sürət göstəriciləri onların xeyrinə olmalıdır.

Bu vəziyyət müəyyən dərəcədə Ferstappenin də xeyrinə işləyə bilər. Çünki bildiyiniz kimi, mühərriklər iki hissədən ibarətdir: atmosfer mühərriki və elektrik mühərriki. Elektrik mühərrikinin enerjisi müəyyən məsafədən sonra bitdiyi üçün yalnız daxili yanma mühərriki qalır ki, o da çox güclüdür. Bu amil həm "McLaren"lə müqaviləsini uzadan İsak Hadjara, həm də Maks Ferstappenə birinci döngədən mübarizə aparmaq imkanı verə bilər. Lakin bunun üçün liderlərə yaxın olmaq lazımdır ki, uzun düzlükdə ötmə əməliyyatı həyata keçirilsin. Bacarsalar, Ferstappenin qələbə şansı var, lakin əsas favoritlər "Mersedes" və "MakLaren"dir.

- Sizcə, bu mövsüm çempionluq mübarizəsi artıq yekunlaşıb, yoxsa intriqa qalır?

- Mövsüm çempionluğu mübarizəsi isə, təəssüf ki, bitib. Formula 1 tarixində bu qədər xal üstünlüyü olub mövsümün sonunda liderliyi əldən verən sürücü olmayıb. Kimi Antonellinin elə bir üstünlüyü var ki, intriqanın yenidən dirçəlməsi üçün onun 4–5 yarışda xalsız qalması lazımdır. Yəni reqlamentin və bolidlərin yeni olduğunu nəzərə alsaq, hər şey mümkündür.

Qarşıda Sinqapur və Las-Veqas kimi çətin şəhər trasları var. İstənilən sürpriz ola bilər, amma yenə deyirəm, indiyədək bu qədər üstünlüklə gəlib çempionluğu itirən olmayıb. Ona görə də mövsümün sonunda böyük ehtimalla ən gənc dünya çempionumuz Kimi Antonelli olacak.

- Təcrübəli Corc Rassell niyə gənc Kimi Antonelli ilə bacara bilmədi?

- Antonellinin karyerasına baxsaq, görərik ki, Toto Volff onu hələ 10 yaşında kəşf edib. O, kartinqdə rəqiblərindən fərqlənirdi. Toto Volff kimi bir mütəxəssisin diqqətini cəlb etmək asan məsələ deyil.

Antonelli aşağı seriyalarda demək olar ki, bütün çempionatların qalibi olub. Hətta bir ildə 2–3 ölkənin çempionatında zəfər qazanıb. F4-də həm Almaniya, həm də İtaliya çempionatlarını götürdü. Hemiltonla vidalaşacaqlarını hiss etdikləri üçün onu F3-ü ötürərək birbaşa F2-yə gətirdilər. Bir pillənin ötürülməsi onun karyerasında müvəqqəti ləngiməyə səbəb oldu, F2-də və Formula 1-dəki ilk dövrdə adaptasiya prosesi keçdi. Lakin bu mövsüm həm Corc Rassell, həm də Antonelli üçün yeni bolidlə sıfırdan başlamaq imkanı yarandı. Sürüş stili, enerjiyə qənaət, aerodinamika və təkərlərlə işləmək bacarığı ona üstünlük verdi. Gənc olması və komanda yoldaşı üzərində üstünlük qurması da böyük faktordur. Bu uğur Rassellin psixologiyasına da təsir edir.

- Son olaraq, Bakı trasında "Ferrari" komandasından nə gözləmək olar?

- "Ferrari"yə gəldikdə, Şarl Leklerdən əvvəl Sebastyan Fettel burada poul-pozisiyanı qazanmışdı. Fettelin 1, Leklerin 4 poul-pozisiyası olsa da, təəssüf ki, hələ qələbə yoxdur. Hemiltonun isə 2018-ci ildə "Mercedes"də qazandığı bir qələbəsi var. "Ferrari" bu il yalnız Barselonada qalib gələ bilib. "Ferrari"nin builki bolidi yaxşıdır və Leklerin istəyinə uyğun hazırlanıb. Hətta sükanın hidro-gücləndiricisi və əyləc sistemi də onun sürüş stiline uyğunlaşdırılıb. Nəticələrin də keçən illə müqayisədə yaxşılaşdığını görürük.

Lakin bolidin güc qurğusu bir qədər zəifdir, xüsusən də uzun düzlüklərdə maksimal sürəti azdır. Bizim tras kimi yerlərdə bu, mənfi təsir edir. Bakıda yarış xaoslu keçdiyi üçün kənar müdaxilələr, təhlükəsizlik maşınının trasa daxil olması kimi amillər Hemiltona kömək edə və ona qələbə qazandıra bilsin. Əks halda, sıravi yarışda şansları azdır.

Mövsümün əvvəlində Leklerin üstün olacağını düşünürdüm. Çünki gənclik, ambisiya və komandadakı təcrübə onun tərəfində idi. Lakin Hemilton özünü 7 qat dünya çempionu kimi göstərir. Hemiltonu heç vaxt sıradan çıxmış hesab etmək olmaz, o, istənilən yarışda qələbəyə namizəddir. Bəxt amili də onun yanında olarsa, qələbə qazana bilər. Bütün çempionluqlarda maşın və mühərriklə yanaşı, bəxt amili də mühüm rol oynayır.