"Mersedes"in pilotu Corc Rassell son yarışlarda sürətini artırmağı bacardığını və özünə inamının yüksəldiyini bildirib. 

Offsideplus.az xəbər verir ki, o, riyazi şansları davam etdiyi müddətcə komanda yoldaşı Kimi Antonelli ilə çempionluq uğrunda mübarizəni sonadək sürdürəcəyini vurğulayıb.

28 yaşlı pilot son mərhələlərdəki irəliləyişindən razı qaldığını qeyd edib:

"Son yarışlarda bolid sükanı arxasında özümü daha rahat hiss etməyə başlamışam. Hətta Madrid yarışında ötürmələr etmək çətin olsa da, yaxşı temp nümayiş etdirə bildim. Əldə etdiyim tərəqqidən razıyam. Oskar Piastri ilə oxşar çətinliklərlə üzləşmişdik — əvvəlki üsullar artıq işə yaramırdı. Lakin son vaxtlar irəliləyişə nail olmuşam və yarışlarda qələbə uğrunda mübarizə apara biləcəyimi düşünürəm".

Sürücü çempionluq şanslarını və Formula 1-dəki məşq çətinliklərini də dəyərləndirib:

"Riyazi şanslarım qaldığı müddətcə titullar uğrunda mübarizəni davam etdirəcəyəm. Lakin çempionatda hazırkı mövqeyimdə olmağımın səbəbi sürətimin yetərincə yüksək olmaması idi. Formula-1-in əsas çətinliyi pilotların tamdəyərli məşq və testlər keçirmək imkanının olmamasıdır. Məsələn, qolfda zərbə texnikanı dəyişmək istəyirsənsə, gedib dəfələrlə məşq edirsən. Bizdə isə məşqlər birbaşa yarışı həftəsonu daxilində — sıralama turlarında və əsas yarışda baş tutur. Yenilikləri tətbiq etməyin çox vaxt aparmasının səbəbi də budur. Mən də, Oskar da F4, F3 və F2 çempionatı qalibi olmuşuq. Öz gücümə şübhə etmirəm, Oskarın da özünə inandığına əminəm".