"Kəpəz"in iki futbolçusu - Raul İsaqov və Şahnur İsmayılov Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasına (U-20) dəvət alıb.
Offsideplus.az xəbər verir ki, hər iki oyunçu 24 sentyabr – 6 oktyabr tarixlərində Qəbələdə təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək.
Hazırlıq prosesi çərçivəsində U-20 milli komandası iki yoxlama matçında qüvvəsini sınayacaq. Yığmamız oktyabrın 3-də Moldova, oktyabrın 6-da isə Yaponiya U-20 komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, Raul İsaqov sentyabrın 14-dən 21-dək də U-20 millimizin toplanışında yer alıb. Hazırlıq zamanı 17 yaşlı yarımmüdafiəçi "Qəbələ"yə qarşı keçirilən yoxlama oyununda (1:1) şans qazanıb.


