"Red Bull"un pilotu İzak Hajar Avstriya komandası ilə müqaviləsini yeniləməsinə Azərbaycan Qran-prisindən əvvəl keçirilən mətbuat konfransında münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, fransalı sürücü kollektivə adaptasiya prosesindən məmnun olduğunu vurğulayıb.
21 yaşlı gənc pilot komandadakı fəaliyyətindən xüsusi həyəcanla danışıb:
"Mən bu komandaya səkkiz ay əvvəl gəlmişəm və ilk gündən bu kollektivin miqyasını, iddiasını dərk etmişəm. Bazada çoxlu istedadlı insan çalışır. Dördqat Formula-1 çempionu Maks Ferstappen kimi pilotla çiyin-çiyinə, belə möhtəşəm komandada çıxış etməyin necə bir şərəf olduğunu yaxşı anlayıram. Keçid etdiyim andan özümü tamamilə komandadakı işə həsr etməyə çalışmışam. Loran Mekis və bütün əməkdaşların dəstəyi sayəsində mənə göstərilən etimadı doğrultmağa nail oldum. Ətrafımdakıları dinləməyə, davamlı öyrənməyə və hər gün qarşıma yeni hədəflər qoymağa çalışıram. Qarşıda bizi nələrin gözlədiyini görmək üçün böyük həyəcan və ruh yüksəkliyi ilə gözləyirəm".
Biləyindəki zədəni sağaldan fransalı pilot son həftələrin onun üçün çətin keçdiyini də gizlətməyib:
"İnsan belə anlarda tez geri qayıtmaq istəyir. Son bir neçə həftə mənim üçün məyusedici keçib. İndi isə mübarizəyə qayıtmaq yaxşı hissdir. Rəqiblərə qarşı mübarizələrdə qalib gəlmək istəyirəm".


