Futbol üzrə Qadınlar Super Liqasında 2026/27 mövsümünün püşkü atılıb.
Yeni mövsümlə bağlı fikirlərini Offsideplus.az ilə bölüşən Azərbaycan milli komandasının və "Neftçi"nin baş məşqçisi Siyasət Əsgərov püşkatmanı belə qiymətləndirib:
"Bir neçə mövsümdən sonra püşkatmanın xüsusi təqdimatla keçirilməsi fərqlilik və yenilikdir. Qadın futbolunun inkişafı üçün AFFA və Qadın Futbol Departamenti əlindən gələni edir. Çempionatda yenə 12 komanda mübarizə aparacaq. Reqlamentin dəyişməsi də inkişafa müsbət təsir göstərəcək və çempionat daha maraqlı keçəcək. Bəzi klublara legionerlər cəlb olunub, xaricdə oynayan futbolçularımız da Bakı klublarına transfer olunublar. Bu da turnirin səviyyəsinin artmasına gətirib çıxaracaq. Buna görə çox sevinirik və ildən-ilə inkişaf edəcəyimizə inanırıq. "İmişli"nin də Super Liqada mübarizə aparacaq olması sevindirici haldır. Həmişə istəmişəm ki, Premyer Liqada çıxış edən bütün klubların qadın komandaları olsun".


