Bakı onuncu yubiley Formula 1 Qran-prisini qəbul etməyə hazırlaşır. 

Offsideplus.az xəbər verir ki, ötən illər ərzində Bakı Şəhər Halqası rekordların, gözlənilməz qələbələrin və dramatik finişlərin ünvanına çevrilərək çempionat təqviminin ən gözlənilməz və təhlükəli traslarından biri kimi ad çıxarıb.

2026-cı ildə yarış həftəsonunun cədvəli fərqli olacaq. Sərbəst yürüşlər sentyabrın 24-ü (cümə axşamı), sıralama turu sentyabrın 25-i (cümə), əsas yarış isə sentyabrın 26-da (şənbə) keçiriləcək. Dəstək seriyası olan Formula 2-də də proqram genişləndirilib: pilotları iki sıralama turu, bir sprint və iki əsas yarış gözləyir.

Gözlər çempionatın lideri və rekordçularda olacaq

Bu il Bakıya çempionatın lideri kimi "Mercedes"in gənc pilotu Kimi Antonelli gəlir. İtaliyalı sürücü mövsümün ilk 14 mərhələsindən 8-də qələbə qazanaraq komanda yoldaşı Corc Rasseli 81 xal qabaqlayır.

Yarışın başqa bir intriqası isə Bakıda iki dəfə zəfər qazanan Maks Ferstappen və Serxio Peres arasındadır. Bu pilotlardan biri yenidən qalib gələcəyi təqdirdə Azərbaycan Qran-Prisini 3 dəfə qazanan ilk sürücü kimi tarixə düşəcək.

"Ferrari"nin pilotu Şarl Lekler isə fərqli göstərici ilə seçilir. Monakolu sürücü Bakıda ardıcıl 4 dəfə poul mövqeyi qazansa da (rekord - 1:43,009), onların heç birini qələbəyə çevirə bilməyib. Lekler bu uğursuz seriyaya son qoymağa çalışacaq.

378 km/saatlıq rekord və dar İçərişəhər döngələri

6,003 kilometrlik Bakı trası həm də texniki çətinlikləri ilə tanınır. 20 döngədən ibarət olan trekin İçərişəhər hissəsində (8-ci döngə) enin 7,6 metrə qədər daralması pilotlara səhv etmək imkanı vermir. Digər tərəfdən, uzun düzlük yüksək sürətə şərait yaradır — 2016-cı ildə Valtteri Bottas tərəfindən qeydə alınan 378 km/saatlıq maksimum sürət göstəricisi hələ də Formula-1 tarixinin ən yüksək nəticələrindən biri sayılır.