"Sabah" ötən gün Çempionlar Liqasının liqa mərhələsi üçün vahid biletlər satışa çıxarıb.
"Slaviya" (Praqa), "Borussiya" (Dortmund), "Barselona" və "Napoli"yə qarşı ev oyunlarını izləmək üçün nəzərdə tutulan biletlərin qiyməti 35, 60, 190 və 285 AZN təşkil edir.
Biletlər satışa çıxarıldıqdan az sonra tükənib və bu durum azarkeşlərin narazılığına səbəb olub. Lakin məlum olub ki, satışa biletlərin yalnız kiçik bir hissəsi buraxılıb. Bu barədə "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Offsideplus.az saytına açıqlama verib:
"Biletlərin təxminən 10 faizi satışa çıxarılmışdı. Yaxın vaxtlarda bilet satışının davam etdirilməsi nəzərdə tutulur".
Klub rəsmisi biletlərin fərdi şəkildə deyil, yalnız paket formasında satılıb-satılmayacağı məsələsinə də aydınlıq gətirib:
"Hazırda biletlərin ancaq bu formada (paket şəklində) satışı nəzərdə tutulub".


