"Neftçi" İK "Qaradağ Lökbatan" futbol komandasının ləğvi barədə sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan xəbərlərə rəsmi münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, klub tərəfindən yayılan bəyanatda vergilər.az saytında "Qaradağ Lökbatan Peşəkar Futbol Klubu" MMC-nin ləğvi ilə bağlı dərc olunan elanın "Neftçi" İdman Klubunun tərkibindəki "Qaradağ Lökbatan" komandasına heç bir aidiyyətinin olmadığı vurğulanıb.

Açıqlamada qeyd olunub ki, sözügedən MMC klubun təsisçisi, törəmə qurumu və ya struktur bölməsi deyil. Ad oxşarlığı səbəbindən yaranan yanlış anlaşılmalara aydınlıq gətirən klub rəhbərliyi, "Qaradağ Lökbatan" futbol komandasının fəaliyyətini adi rejimdə davam etdirdiyini və ləğv olunması ilə bağlı hər hansı qərarın verilmədiyini diqqətə çatdırıb.

Klub media nümayəndələrindən və ictimaiyyətdən xəbərləri işıqlandırarkən bu hüquqi fərqləri nəzərə almağı xahiş edib.