Əşrəf Hakiminin təcavüz işi üzrə zərərçəkmişin vəkilləri apellyasiya şikayətinin rədd olunmasına münasibət bildiriblər.
Offsideplus.az xəbər verir ki, 2023-cü ildə 24 yaşlı qadının futbolçuya qarşı rəsmi ittiham irəli sürülüb və Hakimi məhkəmə nəzarətinə götürülüb. İstintaq materiallarına əsasən, qadın futbolçunun evinə onun çağırdığı taksi ilə gəlib və orada vəziyyət nəzarətdən çıxıb. Hakimi qadının etirazına baxmayaraq, onu öpüb, paltarını çıxarıb və bədəninə toxunub, həmçinin barmaqları ilə ona təcavüz edib.
Üç il yarım davam edən istintaqdan sonra Nanter prokurorluğu Mərakeş millisinin üzvünün işinin cinayət məhkəməsinə göndərilməsini tələb edib. İyun ayında Versal Apellyasiya Məhkəməsi bu qərarı təsdiqləyib və müdafiə tərəfi kassasiya şikayəti verib. Lakin ali məhkəmə kassasiya şikayətini əsaslandırılmış hesab etməyərək rədd edib.
Zərərçəkmişin kassasiya məhkəməsindəki vəkili Bertran Perje bildirib: "Kassasiya məhkəməsi Əşrəf Hakiminin şikayətini rədd etdi, çünki orada şikayətin qəbuluna əsas verəcək ciddi arqumentlər yox idi".
Qadının əsas iş üzrə vəkili Raşel-Flör Pardo isə qeyd edib: "Üç il yarım davam edən məhkəmə mübarizəsindən, Əşrəf Hakiminin müdafiə tərəfinin onu böhtana məruz qoymasından və ləkələməsindən sonra müştərim ədalətə nail olmaqda qərarlıdır və sona qədər mübarizə aparacaq. O, ürəkdən inanır ki, bu proses digər qadınlara da kömək edəcək və hətta kişi futbolu dünyasında belə, seksual zorakılıqla bağlı cəzasızlıq divarını sarsıdacaq".


