NBA-nın ulduz oyunçusu Stefen Karri uzun illərdir görmə problemləri ilə mübarizə apardığını açıqlayıb. "Qolden Steyt Uorriors"un lideri kəskin görmə zəifliyinin karyerasına təsirindən danışıb.

Offsideplus.az xəbər verir ki, Karri 2018-ci ildə görmə qabiliyyətindəki problemləri ilk dəfə ciddi şəkildə hiss etdiyini bildirib. Onun sözlərinə görə, o dövrdə hər şey bulanıq və qeyri-dəqiq görünürdü. "Bir oyundan sonra Bob Mayers mənə yazdı, çünki yayımda məni ehtiyat oyunçular skamyasında gözlərimi qıyaraq göstərmişdilər. O dedi: 'Sanki heç nə görmürsən. Görməni yoxlatdırmısan? Bunu təcili etməlisən, bu normal deyil'. Sonra mənə keratokonus adlı nadir xəstəlik diaqnozu qoyuldu. Bu, zamanla görməni pisləşdirən və geriyə dönüşü olmayan bir vəziyyətdir. Ona görə də xatirələrim 'Bütün bu müddət ərzində heç nə görmədim' adlanacaq. Əvvəl inad edirdim, düşünürdüm ki, bulanıq da olsa, səbətə öyrəşmişəm. Amma sonra linza taxmağa başladım və uyğun olanını tapdım. Bu, mənə çox kömək etdi, görməmi bərpa etdi, oyunumda irəliləyişə və əlavə enerji qazanmağıma səbəb oldu", – deyə Karri vurğulayıb.