Argentina Nəqliyyat Nazirliyi Mauro İkardiyə 2099-cu ilə qədər avtomobil idarə etməyi qadağan edib.
Offsideplus.az xəbər verir ki, bu qərar "Qalatasaray"ın sabiq hücumçusunun yol hərəkəti qaydalarını bir neçə dəfə pozması ilə bağlı verilib. Sosial şəbəkələrdə yayılan videoda 33 yaşlı futbolçu hərəkətdə olan avtomobilin sükanı arxasında əyləşib, onun xanımı Çina Suares isə pəncərədən başını çıxarıb və başı avtomobilin damından yuxarıda görünüb.
Nazirlik yayımladığı açıqlamada bildirib ki, videonun yayılmasından sonra İkardinin sürücülük vəsiqəsinin müddətinin bitdiyi müəyyən edilib. Qeyd olunub ki, futbolçuya 1 yanvar 2099-cu ilə qədər avtomobil idarə etmək qadağası tətbiq olunub.
Argentina millisinin sabiq hücumçusu qərara münasibət bildirib: "Bilmək istərdim ki, necə oldu mənim 2029-cu ilə qədər qüvvədə olan İtaliya sürücülük vəsiqəmi etibarsız saydılar. Mənə qəribə gəlir ki, hətta nazirlik də mənimlə məşğul olur. Yaxşısı budur, yolları təmir edin, işinizi görün".


