Milli komandamız yoldaşlıq görüşündə Tacikistanı 1:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi İqor Anqeloski jurnalistlərin qarşısına çıxıb.
“Azərbaycan millisinin qələbəsini təbrik edirəm. Çox çətin oyun idi. Azərbaycanda keyfiyyətli oyunçular var. Toral Bayramov kimi futbolçuya maliksiniz. Bizim də şanslarımız oldu. Nəticələrimiz bunadək yaxşı idi. Qol vura bilməsək də, imkanlarımız oldu.
Şimali Makedoniyanın baş məşqçisi olduğum dövrlə indiki Azərbaycan millisi arasında müqayisə aparmaq çox çətindir. 5-6 il keçib. Oyunçular da fərqlidir. Emin Mahmudovla Mahir Emreli o vaxt da, indi də oynayır.
Xüsusi fərqləndirəcəyim futbolçu olmadı. Çox təəccübləndirmədilər. Gözləyirdim ki, yaxşı oyunçulardır. Hamısına, futbolunuza, ölkənizə, klubunuza uğurlar arzu edirəm.
Oleq Baklovun start heyətində oynamasına gəlincə, bu, sadəcə yoldaşlıq görüşüdür. Biz ikinci dəfə Asiya Kubokunda mübarizə aparacağıq. Üç gözəl qapıçım var. Hamısı şans qazanacaq. Futbolda hansısa məlumat almaq normaldır”.


