“Yaxşı oynasaq da, təəssüf ki, məğlub olduq.”

Bu sözləri Offsideplus.az-a açıqlamasında futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Xanım Əsədova deyib.

O, dünya çempionatının seçmə mərhələsində Macarıstan yığmasına qarşı keçirdikləri oyun barədə fikirlərini bölüşüb:

“Qızları təbrik edirəm, sona qədər mübarizə apardıq. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Növbəti matçda qələbə qazanacağımıza inanıram.”

Görüşdə Azərbaycan millisinin yeganə qolunun müəllifi olan Əsədova bunun onun üçün sürpriz olmadığını bildirib:

“Hətta bu qolu yuxumda da görmüşdüm. Şükürlər olsun ki, yuxum gerçək oldu. Siyasət müəllimə mənə güvənib şans verdiyi üçün təşəkkür edirəm. Qolu ailəmə və baş məşqçimizə həsr edirəm.”

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş Macarıstan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasının heyətində yeganə qolu 74-cü dəqiqədə Xanım Əsədova vurub.