“İki fərqli hissə izlədik”.

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis dünya çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstana qarşı keçirdikləri matçı dəyərləndirib:

“Birinci hissədə buraxdığımız səhvdən sonra qol yedik və komandada müəyyən eniş yarandı. Fikrimcə, ikinci hissəyə yaxşı başladıq. Fasilədə danışdığımız plan öz nəticəsini verdi.

Belə rəqibə qarşı ən kiçik səhv belə təhlükəlidir. Bunun nəticəsini də gördük. Məğlub olsaq da, komandamızın yaxşı oyun nümayiş etdirdiyini düşünürəm. Qızlar sona qədər mübarizə apardılar və xarakter göstərdilər.

Rəqib orta xətdə rotasiya edərək say üstünlüyü yaradırdı. Belə vəziyyətdə bizim iki yarımmüdafiəçimizin üzərinə böyük yük düşürdü və onlar məcburən daha çox qaçmalı olurdular. Bu da təbii ki, oyunun gedişinə təsir göstərdi.

Bu görüşdə komanda çox güc sərf etdi. Qarşıda daha bir oyunumuz var və düşünürəm ki, o da çətin keçəcək. Ancaq həmin matçda mütləq qələbə qazanmalıyıq”.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.