“Qələbə qazanmağı çox istəyirdik”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Sevinc Cəfərzadə deyib.

O, dünya çempionatının seçmə mərhələsində Macarıstan yığmasına 1:2 hesabı ilə məğlub olduqları oyunla bağlı fikirlərini bölüşüb:

“Təəssüf ki, bu dəfə alınmadı. Düşünürəm ki, əlimizdən gələni etdik. Çox güclü rəqibə qarşı oynayırdıq. Buna baxmayaraq, yaxşı mübarizə apardıq. Rəqibin heyətində Avropanın aparıcı klublarında çıxış edən, yüksək keyfiyyətə malik futbolçular var idi. Lakin biz rəqibdən çəkinmədik.

Təbii ki, səhvlərimiz də oldu və bu, qaçılmazdır. Komandamla fəxr edirəm ki, meydanda döyüşkən oyun nümayiş etdirdilər. Azarkeşlərimizə də təşəkkür edirəm ki, bizi bu gün tək qoymadılar. Onların dəstəyini hiss edirdik.

Çox istəyirdik ki, azarkeşlərimizi sevindirək, amma təəssüf ki, buna nail ola bilmədik. Çalışacağıq ki, bunun əvəzini Şimali Makedoniya ilə oyunda çıxaq. Pley-off şanslarımızı qorumaq üçün həmin qarşılaşmada əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 9-da, Bakı vaxtı ilə saat 21:00-da Bitola şəhərindəki Petar Miloşevski Stadionu stadionunda Şimali Makedoniya qadın futbol milli komandası ilə üz-üzə gələcək.