Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Tural Qurbanov UEFA-dan təyinat alıb.

Offsideplus.az xəbər verir ki, onlar milli komandaların beynəlxalq yoldaşlıq oyunlarında hakimlik edəcəklər.

Əliyar Ağayev Minskdə keçiriləcək Belarus – Suriya matçını idarə edəcək. Belarus millisinə məxsus stadionda baş tutacaq görüşdə Zeynal Zeynalov və Elşad Abdullayev köməkçi, yerli referi İhar Şumilau dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Tural Qurbanov isə Kişineu şəhərində yerləşən “Zimbru” stadionunda Moldova – Bolqarıstan qarşılaşmasının baş hakimi olacaq. Ona Akif Əmirəli və Cəmil Quliyev köməklik göstərəcəklər. Moldovalı Roman Jitari dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Hər iki oyun iyunun 5-də baş tutacaq.