“Real Madrid”də prezident olmaq uğrunda Florentino Perezə rəqib olan Enrike Rikelme səsvermədə qalib olacağı təqdirdə, “Mançester Siti”nin hücumçusu Erlinq Haalandı transfer edəcəyini söz verib.
Oxşar hadisə əsrin əvvəlində də baş vermişdi. 2000/2001 mövsümünün yayında Perez prezident seçilsə, “qalaktikos” heyətini quracağını, əzəli və əbədi rəqibləri “Barselona”dan əsas fiqurlarından biri Luiş Fiqonu transfer edəcəyini söz vermişdi. Qocaman funksioner sözünün üstündə durmuşdu.
Bu günümüzdə isə prezident olmaq üçün Haalandın adından istifadə edən Rikelme həm futbolçunun nümayəndələri, həm də "Mançester Siti"nin qəzəbinə tuş gəldi. Klub biznesmeni futbolçunun imicindən istifadəyə görə məhkəməyə şikayət etmək istəyir. Bəs vaxtilə Fiqonun adından istifadə edərək prezident olan Florentino Perez niyə "Barselona" və ya futbolçu tərəfindən məhkəməyə verilməmişdi?
Cavab sadədir: Florentino Perez nə etdiyini bilir. Belə ki, 26 il əvvəl Fiqo ilə mövsümün gedişatında gizli müqavilə bağlanmış, portuqal ulduzun artıq “Real”a keçməmək kimi ehtimalı yox idi. Hətta bildirilirdi ki, Fiqo Perezin prezident olacağına inanmadığı üçün adının hallanmasına razılıq vermişdi. Nəticə etibarilə həmin dövr üçün fantastik məbləğdə - 62 milyon avro qarşılığında Fiqo “kral klubu” ilə müqavilə imzalamışdı.
İndi isə durum fərqlidir: Haaland özü də “Real”a transfer olmağa isti yanaşmır. Hər iki halda, “Real Madrid” prezidenti olmaq istəyənlər “cığallıq” edir. Amma Perez Fiqonu yola gətirmişdi, Haalandın xarakteri isə buna yol vermir. Həmçinin həmin vaxt “Barselona”nın 62 milyona ehtiyacı var idi, “şəhərlilər”in isə maliyyə baxımından heç bir sıxıntısı yoxdur.
Maraqlıdır ki, Perez Fiqo transferini azarkeşlərə söz verəndəndən sonra ilk dəfə prezident seçilmişdi. "Köpəkbalığı" ləqəbli 79 yaşlı funksioner ötən gecə 150 milyon avroluq SUPER ULDUZU transfer edəcəyini açıqlayaraq bir rübdən sonra bumeranq yaşaya bilər.


